CASE: Rəqib analizi: çəhrayı dovşan

Çox vacib bir qanun var - rəqiblərinizin nə etdiyinə hər zaman fikir verin. Əks halda başqasının dəyirmanına su tökmüş olarsınız və bundan xəbəriniz olanda, hər şey üçün çox gec olar. Haqqında yazacağımız bu maraqlı hadisə sizə nə demək istədiyimizi aydın izah edəcək.

Çəhrayı dovşanın gücü

Bir vaxtlar çox maraqlı bir çaşqınlıq yaşandı. Dünyanın ən məşhur brendlərindən biri bütün marketinq məktəblərində ilk keçilən dərslərdən birini unutdu. Bunu edən marka məşhur batareya və akkumulyator istehsalçısı Energizer idi. Energizer öz reklamlarında çəhrayı dovşan obrazından istifadə etmək qərarına gəlir. Bu obrazın üzərində xeyli iş görülür, istehlakçılar da dovşanı çox bəyənirlər. Lakin nəticə gözlənilən kimi olmadı - şirkətin gəlirləri ikiqat azaldı. Ən maraqlısı isə rəqib şirkətin gəlirləri ikiqat artdı!

Sizcə rəqib şirkət hansı idi? Bəli, DURACELL!

Həmin dövrdə Duracell nəinki böyük reklam kampaniyaları edə bilmirdi, eyni zamanda da Energizer ilə rəqabət aparmaq gücündə deyildi. Lakin talisman və loqotip kimi Duracellin üzərində çəhrayı dovşan əks olunmuşdu. Belə alındı ki, rəqiblərini kifayət qədər araşdırmayan və tanımayan Energizer öz rəqibinin loqotipini reklam edirdi. Bu reklamlarda audio səsləndirmə də var idi. Lakin əsas məsələ gözardı edilmişdi - onlar unutmuşdular ki, istehlakçılar reklamda audioyadan daha çox vizuallara önəm verir və yadda saxlayırlar. Çəhrayı dovşan hamının yaddaşına aydın həkk olundu, lakin Energizer markasının sloqanı haqda eyni şeyi demək mümkün deyil.

alt

Bizim üçün yaxşı dərs

Reklam əla təsir bağışladı. İnsanlar artıq onlara çəhrayı dovşanlı batareyaların lazım olduğunu düşünürdülər. Lakin Energizer batareyalarının üzərində çəhrayı dovşan yox idi. Duracell isə həmişə çəhrayı dovşanlı olub! Nəticədə Duracell ağlasığmaz uğur qazanaraq, satışını ən maksimum həddə çatdırdı. Onlar hələ də bu uğura görə çəhrayı dovşana minnətdar olduqlarını unutmurlar və reklamlarında bu dovşandan istifadə edirlər. Bizim isə bu keysdən çıxaracağımız dərs budur - bütün hallarda rəqibi düzgün analiz etmək bizim xeyrimizədir.